
BAKI, 10 mart. TELEQRAF
“Neftçi”nin və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elvin Camalov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Teleqraf-ın əməkdaşının da iştirak etdiyi müsahibədə 30 yaşlı yarımmüdafiəçi həm oyunu dəyərləndirib, həm də yığmanın qarşıdakı yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb:
- “Turan Tovuz”la heç-heçəni necə dəyərləndirərdiniz?
- Hər iki tərəfin əzmkar oyun sərgiləyəcəyi məlum idi. Sonadək belə oldu. Rəqib 10 nəfərlə qaldı. Belə komandalara qarşı oynamaq çətindir, çünki müdafiəyə meylli çıxış edirlər. Sona doğru hesabda önə çıxsaq da, qələbəni qoruya bilmədik. Bu, öz adımıza üzücü haldır. Nəticə çıxararaq, önümüzə baxacağıq.
- Qırmızı vərəqənin heç də "Neftçi"nin xeyrinə olmadığını demək olarmı? Çünki "Turan Tovuz" 10 nəfərlə qaldıqdan sonra müdafiəyə çəkildi...
- Əlbəttə, futbolçu sayı bərabər olduqda, oyun qarşılıqlı hücumlar şəraitində keçir. Qarşı tərəf 10 oyunçu ilə qaldıqda müdafiə futbolu sərgiləməsi istər-istəməz normaldır. Biz qol imkanları yaratmaq üçün çox çalışdıq və sonda buna nail olduq. Sadəcə, qələbəni son anadək qoruyub saxlaya bilmədik. Bundan nəticə çıxarmalıyıq.
- Niyə qoruyub saxlaya bilmədiniz: ani diqqətsizlik oldu, yoxsa oyunun bitdiyini düşündünüz? Dumana görə meydan çox da yaxşı görünmürdü...
- Bəli, hava şəraiti də əlverişli deyildi. Deyərdim ki, ani diqqətsizlik qapımıza qolun vurulmasına gətirib çıxardı. Futbolda sonadək diqqətli olmaq lazımdır. Bu, digər idman növlərinə də aiddir.
- Diqqətinizin daha çox Azərbaycan Kubokuna yönəldiyi fikri ilə razısınızmı?
- Xeyr, bu fikirlə razı deyiləm. Əlbəttə, avrokuboklara vəsiqə baxımından, ölkə kubokunda daha şanslıyıq. Lakin çempionatda da özümüzdən yuxarıdakı komandalara yaxınlaşmaq üçün əla fürsətlərimiz var idi.
- Amma reallıq budur ki, onlarla xal fərqiniz çoxdur...
- Doğrudur, amma elə son iki oyundan qalib ayrılsaydıq, 5-ci pillədəki "Sabah"la aramızdakı xal fərqi minimuma enəcəkdi. Hər halda, bu, futboldur. Yuxarıdakılar xal itirdikcə və aşağıdakılar qazandıqca mövqe baxımından yaxınlaşmaq mümkün olur. Bu, 2-3 oyunda göstərilən nəticələrdən asılı olur. Ona görə də yenə çempionat matçlarımıza məqsədlərimiz, qələbə üçün çıxacağıq. Premyer Liqada yuxarı pillələrə çıxmaq, ölkə kubokunda isə qalib olmaq üçün əlimizdən gələni edəcəyik.
- “Neftçi”nin yüzfaizlik qol epizodları da yox kimi idi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Rəqib 10 futbolçu ilə qaldığı üçün müdafiə futbolu oynadı. Onların müdafiəsini yarmaq çox çətin idi. Ona görə də daha çox cinahlardan hücum qurmağa çalışırdıq. Sona doğru buna nail olmuşduq, lakin qələbə hesabını qoruya bilmədik. Bunu bacarsaydıq, hazırda qalibiyyət sevincini sizinlə bölüşürdük.
- "Şamaxı" ilə xal fərqinizin azalması üzərinizdə təzyiq yaratmır?
- Əlbəttə, özümüzdən aşağıdakı komandaların gəlib bizə çatması üzərimizdə məsuliyyət, narahatlıq yaradır. Buna görə də oyundan-oyuna qələbələr qazanmaq lazımdır. Əlverişli imkanımız var idi, lakin qələbəni saxlaya bilmədik. Ona görə də nəticə çıxararaq, qarşıdakı oyunlara daha ciddi, daha yaxşı hazırlaşmalıyıq.
- Azərbaycan milli komandasının qarşıdakı toplanışına dəvət gözləyirsiniz?
- Əlbəttə, milli komanda hamımızındır, fəxrlə toplanışlarında iştirak etdiyimiz yerdir. Mən də yığmaya çağırılmağımı və əlimdən gələni etməyimi istərdim.
- Rəqibləriniz barədə nə deyə bilərsiniz? Səviyyəcə çox da yuxarıda olmayan Haiti və Belarusla oyunlar bizə nə verəcək?
- Yoldaşlıq görüşlərində rəqibin kimliyinin elə də önəmi yoxdur. Əlbəttə, hər bir futbolçunun borcu ölkəsini layiqincə təmsil etməkdir. İnanıram ki, millimiz daha yüksək yerlərdə olacaq. Toplanışlar isə bu baxımdan bizə daha çox kömək edəcək.