BAKI, 27 fevral. TELEQRAF

Ölkə ərazisinə yağan qarlı hava şəraiti bu gün və sabaha nəzərdə tutulan Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin baş tutmasını sual altında qoyub.

Teleqraf xəbər verir ki, bu gün “Qarabağ” – “Səbail” oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika və “Sumqayıt”- “Sabah” görüşünün planlaşdırıldığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionlarının hazırlanması üçün texniki işlər görülməkdədir.

“Qarabağ”ın mətbuat katibi Anar Hacıyev isə Tofiq Bəhramov adına Respublika stadionunun görüşədək hazır vəziyyətə gətiriləcəyini bildirib: “Hazırda iş gedir, hər hansı problem yoxdur. Oyunun planlaşdırılan vaxtda başlanılmasında hələlik bir nöqsan görünmür”.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun hazırda qardan təmizləsi prosesinə başlanıldığını bildirib: “Stadionda təmizlik işləri davam edir. Ümid edirəm, axşam oyun saatına qədər meydança tər-təmiz olacaq və qarşılaşmanın keçirilməsinə hansısa bir maneə yaranmayacaq. İndiki halda hər şey qaydasındadır. Təbii ki, görüşün başlamasına 6 saatdan çox vaxt var. Qarın şiddətinin necə olacağı və neə cür dəyişəcəyini bilmirik. Bu dəqiqə nəsə demək tezdir. Amma iş gedirmi, gedir. Stadionun işçilərilə bərabər əməkdaşlar da cəlb olunub və təmizlik üçün işlər də görülür”.

Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayevi stadionların nəzarət altında olduğunu qeyd edib: “Bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərində “Qarabağ” saat 16:00-da “Səbail”i, “Sumqayıt” isə saat 19:30-da “Sabah”ı qəbul edəcək.