BAKI, 17 fevral. TELEQRAF

“Son dəqiqəyə kimi çalışdıq, hətta Yuri Matias axırda bir epizodu dəyərləndirə bilmədi. Hamı, Samir Abasov da məyusdur”.

Bu sözləri “Neftçi”nin müdafiəçisi Azər Salahlı evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra Teleqraf-a açıqlamasında deyib.

31 yaşlı futbolçu gərgin mübarizə şəraitində keçən oyunun komandasının nəzarəti altında keçdiyini bildirib: "Xüsusən, qırmızı vərəqədən sonra belə demək olar. Amma fərdi səhvdən qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Məyusuq, məğlub olunası oyun deyildi. Əksinə, qələbə qazanmalı idik”.

“Ağ-qaralar”ın təcrübəli oyunçusu öz performansından da söz açıb: “Bir neçə ay öncə ciddi zədə aldım. Bundan sonra çətinlik yaşasam da, oyundan-oyuna öz formamı bərpa edirəm. Önümüzdəki matçlara ciddi hazırlaşacağıq. Çünki kubok və çempionat görüşləri var”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turundan sonra 24 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.