
BAKI, 15 fevral. TELEQRAF
“Yəqin, kənardan dua edənlər çoxdur ki, komandamız qol vurmasın. Onlara "salam" deyirəm. Amma bundan sonra daha çox qollar vurararaq, arzularını ürəklərində qoyacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXIII turunda evdə “Zirə”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib: “Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Rəşad Sadıqovun komandası iddialıdır. İlk 15 dəqiqədə öz təzyiqini göstərdi. Əfsus ku, birinci oyunda da, indi də fərdi səhvlərimizə görə bəsit qollar gördük. Buna görə də oyunun taleyi 30 dəqiqədə həll olundu. Ümumilikdə komandamdan razıyam. Yolumuza davam edirik".
Cavadov məğlub olmalarına baxmayaraq, gec-tez bu seriyanı qıracaqlarına inam ifadə edib: "Ruhdan düşmək əvəzinə hər məğlubiyyətdən sonra güclənirik. Növbəti həftə “Neftçi” ilə keçid oyunu olacağını düşünürəm. Mən komandanı götürəndə eniş idi. İlk başlarda qələbələrlə turnir cədvəlində addımladıq. İndiki dönəmdə belə böyük problem görmürəm. 5 oyun oynadıq, 3-də məğlub, 2-də heç-heçə olub. Belə qlobal dəyişiklik yoxdur. Qış fasiləsində trabsferlərimiz gec qoşuldu, onlar da iki həftəyə hazır ola bilməzlər. Burada məşqçi işi önəm daşımır. Birdən-birə nadir hallarda nəticə göstərmək olur. Bundan öncə də təhlekədə idik. 15 tur var, səbrli olmalıyıq. Ən çətin günündə yanında olanlar sənin əsl dostlarındır. Komandada hər şey yaxşıdır”.
Baş məşqçi gənc futbolçu Kamran Əliyevin daha az şans qazanmasından da söz açıb: “Kamran mənim gəlişimdən sonra daha çox oynadı. Yeni hücumçumuz gəldikdən sonra onun özündə istəksizlik var. Bu da ona maneə törədir. Hər futbolçuya açıq şəkildə deyirəm. Nə oldu, Vaqif Cavadov səni oynadanda yaxşı idi, indi pis oldu? Bunu sübut etməlisən. Hər futbolçu öz yerini nəinki yerliyə, hətta əcnəbiyə verməməlidir. Kamran önəmli futbolçudur, xətrini çox istəyirəm. İnanıram ki, bundan sonra daha çox çalışıb əsas heyətə düşmək üçün əlindən gələni edəcək. İndiyədək Kamran 14 oyunda iştirak edir. Legionerə də şans verməliyik ki, formaya düşsünlər”.
Baş məşqçi “Sumqayıt”ın daha yaxşı olacağını əminliklə qeyd edib: “Buna qədərki oyunlarda yüksəlişdə olan və iddialı komandalara qarşı oynadıq. Qol vurmadığımız lider klublardan isə xal almışıq. Müdafiə və hücum zamanı qapımızda çox bəsit qollar görürük. Problemləri aradan qaldırmaq üçün zamanımız var. Sonuncu pilləni düşünmürük. Növbəti oyunlada yaxşı nəticələr əldə edə biləcəyik. Bunu “Sumqayıt” azarkeşləri bilsin”.
Qeyd edək ki, “Sumqayıt” 23 turdan sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.