![](https://teleqraf.az/storage/2025/02/10/715x378/kepez.png)
BAKI, 10 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, "Liv Bona Dea Arena"da təşkil olunmuş görüş qolsuz yekunlaşıb - 0:0.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmaya hakim qərarları da damğasını vurub. 60-cı dəqiqədə qonaq komandanın baş məşqçisi Azər Bağırov baş hakim Kamal Umudlunun qərarlarına etiraz etdiyi üçün sarı vərəqə alıb.
Bu nəticə ilə "Araz-Naxçıvan" xallarının sayını 44-ə çatdıraraq 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Kəpəz" isə 18 xalla 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" "Sumqayıt"a 1:0, "Sabah" Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. Günün ikinci oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək. Tura fevralın 11-də "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.