BAKI, 14 aprel. TELEQRAF

"Xızı rayonu ərazisində yerləşən Mikayıl Müşfiqin Xatirə Muzeyi Tıx çayında baş verən sel daşqınları nəticəsində ciddi zərər görüb. Əslində sel hadisəsi əvvəlki vəziyyəti daha da ağırlaşdırıb".

Bunu Teleqraf-a açıqlamasında Mikayıl Müşfiq nəslinin nümayəndəsi Reyhan İsmayılzadə deyib.

O vurğulayıb ki, muzeydə yaranan problemlə bağlı dövlət rəhbərinə rəsmi müraciət ünvanlayacaq: "Problem haqqında məlumat alandan sonra sosial şəbəkədə Prezident İlham Əliyevə müraciət etdim. Yaxın günlərdə rəsmi müraciət məktubu da göndərəcəm".

Reyhan İsmayılzadənin sözlərinə görə, çoxsaylı müraciət və görüşlərdən sonra Mədəniyyət Nazirliyindən muzeydə yenidənqurma işləri aparılacağını bildirən məktub alıb: "Həmin məktubda deyilirdi ki, muzeydə 2026-2028-ci illər ərzində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İndiyədək bu istiqamətdə hər hansı real addımlar atılmayıb".

Reyhan İsmayılzadə nəsil nümayəndəsindən bir nəfərin muzeyin fəaliyyətinə cəlb olunmasını istəyir: "Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişik ki, ailə üzvlərimizdən birinin muzeydə idarəçilik fəaliyyətinə cəlb olunması üçün şərait yaradılsın.

Biz hər il Mikayıl Müşfiqin anım və doğum günlərində muzeyi ziyarət edirik. Hesab edirik ki, ailə üzvlərimizdən birinin muzeyin idarəçiliyində çalışması həm onun fəaliyyətinə müsbət təsir göstərər, həm də gündəlik işi barədə ictimaiyyətə daha dolğun məlumat verilməsinə imkan yaradar.

Digər tanınmış ədiblərin ev muzeylərində də ailə üzvləri və yaxınları çalışırlar. Mədəniyyət Nazirliyindən xahiş edirik ki, məsələyə diqqətlə yanaşılsın. Eyni zamanda muzeydə təmir-bərpa işləri həyata keçirilsin. Şairin Bakı şəhərindəki evində də ayrıca muzeyin yaradılması məqsədəuyğun olardı".

Muzeydə yaranan problemlə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.