BAKI, 5 noyabr. TELEQRAF

“Bu festival Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir”.

Teleqraf xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Fərqliliyin rəngi” adlı festivalda çıxışı zamanı deyib.

O bildirib ki, biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq:

“Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir. Yanaşı duran bu çadırlar eyni vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır”, - sədr vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman isə deyib ki, Azərbaycanda birgəyaşayış dözümlülük deyil, ehtiram üzərində qurulub.

“Azərbaycanda müxtəlif din mənsubları tarixən birgə və dinc şəkildə yaşayıblar. Dövlətimiz dini etiqad nümayəndələrinə həmişə qucaq açıb, onlara ehtiramla yanaşıb. Biz burada sadəcə dözümlülük deyil, ehtiram əsaslı birgəyaşayış nümunəsini görürük. Ölkəmizdə yaşayan müxtəlif dinlərin təmsilçiləri vahid Azərbaycan kimliyi ətrafında birləşiblər”, - o, əlavə edib.