BAKI, 25 sentyabr. TELEQRAF

Sabiq Formula 1 pilotu Felipe Massa 2008-ci il mövsümünün çempionluğunu Lüis Hemiltona uduzması səbəbindən 82 milyon dollar məbləğində təzminat tələb edir.

Teleqraf xəbər verir ki, iddia Formula 1-in rəhbər orqanı olan FIA-ya və Formula 1-in keçmiş baş direktoru Berni Ekklstouna qarşı irəli sürülüb.

Bu barədə "The Times" qəzeti məlumat yayıb.

44 yaşlı braziliyalı pilotun iddiasına oktyabrda Böyük Britaniyanın paytaxtı Londonda baxılacağı gözlənilir.

İddianın əsasını 2008-ci ildə keçirilən Sinqapur Qran-Prisi təşkil edir. Həmin yarışda Fernando Alonsonun komanda yoldaşı Nelson Pikenin qəsdən törətdiyi qəza nəticəsində ispaniyalı pilot birinci olmuşdu.

Planlaşdırılmış qəza təhlükəsizlik avtomobilinin trasa çıxmasına səbəb olmuş və nəticədə Alonso finişə birinci çatmışdı.

Həmin yarışda Lüis Hemilton üçüncü olaraq altı xal qazanmışdı. Mövsümün lideri Massa isə Sinqapur Qran-Prisindən 13-cü olaraq xal qazana bilməyib.

O vaxt qüvvədə olan qaydalara əsasən, FIA Sinqapur yarışının nəticələrini ləğv etməli idi. Bu baş versəydi, Massa beş xal fərqi ilə çempion olmalı idi.