BAKI, 21 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran Prisinin açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bu il himnimiz dünya şöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirildi. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olundu. Açılışda həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edildi.

Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən “Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri” elan olunub, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərli irs nümunələrindən biri kimi dünyada tanındığını bir daha təsdiqləyir.

Açılışdan sonra Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı start götürüb.