BAKI, 20 sentyabr. TELEQRAF

“Formula 1 ilə tərəfdaşlığımızın genişləndirilməsi Azərbaycan rəhbərliyinin mövqeyini əks etdirir, ölkəmizin böyük idman tədbirləri üçün qlobal mərkəz statusunu təmin edir və idmanın gücü vasitəsilə gələcək nəsillərə ruhlandırıcı irs qoyur".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Formula 1 üzrə Azərbaycan Qran-Prisinin 2030-cu ilə qədər uzadılmasını şərh edərkən deyib.

Nazir Bakıdakı yarışın Formula 1 azarkeşləri tərəfindən sevildiyini bildirib: "Bu illər ərzində Azərbaycan Qran-Prisi Formula 1 təqvimində ən çox gözlənilən yarışlardan birinə çevrilərək təkcə trekin həyəcanını deyil, həm də paytaxtımızın gözəlliyini, enerjisini və qonaqpərvərliyini nümayiş etdirir.

Müqavilənin uzadılması bizim dünya səviyyəli tədbirlərə ev sahibliyi etmək bacarığımızı təsdiqləyir və Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir. Biz birlikdə Bakını canlı, dünya səviyyəli idman məkanı kimi təmsil etməyə davam edəcəyik, dünyanın hər yerindən azarkeşləri həm Formula 1 həyəcanını, həm də şəhərimizin və ölkənin özünəməxsus ruhunu yaşamağa dəvət edəcəyik”.