BAKI, 20 sentyabr. TELEQRAF

“Bakının inanılmaz enerjisi var, 2016-cı ildə buradakı ilk Qran-pridən bəri Formula 1 hər zaman Azərbaycan xalqı tərəfindən səmimi və coşqu ilə qarşılanıb".

Teleqraf xəbər verir ki, bunu Formula 1-in prezidenti Stefano Domenikali Azərbaycan Qran-Prisinin 2030-cu ilə qədər davam etdirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakı trası digərlərindən fərqlənir:

"Həm texniki hissələri, həm də gözəl sahil xətti və tarixi İçərişəhərdən keçən yollar bizə hadisələrlə dolu və əyləncəli yarış təqdim edir. Müqavilənin yenilənməsi Formula 1, Azərbaycan hökuməti və təşkilatçı arasında güclü etimad və əməkdaşlığı əks etdirir.

Mən Azərbaycan Prezidenti İlham Əliyevə, gənclər və idman naziri Fərid Qayıbova tədbirin inkişafına davamlı sərmayə və dəstəyinə görə, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərova Formula 1-i ölkədə dəstəklədiklərinə görə, eləcə də Bakı Şəhər Halqası komandasına il boyu azarkeşlər, pilotlar və komandalar üçün müstəsna təcrübə yaratdıqlarına görə təşəkkür edirəm".