BAKI, 20 sentyabr. TELEQRAF

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2-nin sprint yarışı baş tutub.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yarışda "Haytek" komandasından Dino Beqanoviç hamını qabaqlayıb.

İkinci pilləni onun komanda yoldaşı Lük Brauninq, üçüncünü isə "Rodin Motorsport"dan Aleks Dann tutub.

Dann ötən gün keçirilən birinci sərbəst yürüşdə birinci olub. Sıralama turunda isə DAMS komandasından Cek Krouford finişi hamıdan qabaq keçib.

Qeyd edək ki, bu gün saat 16:00-da Formula 1 üzrə sıralama turu da keçiriləcək. Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

***

14:49

Bakıda keçirilən Formula 2 üzrə sprint yarışında daha üç pilot mübarizəni dayandırıb.

Teleqraf xəbər verir ki, bunlar "Trident"dən Martinius Stenşorn, DAMS-dan Kuş Mayni və "Kampos Rasinq"dən Cosep Mariya Martidir.

***

14:23

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2-nin sprint yarışı zamanı qəza baş verib.

Teleqraf xəbər verir ki, "Kampos Rasinq"in sürücüsü Cosep Mariya Marti, "Trident"dən Martinius Stenşorn, "MP Motorsport"dan Oliver Göte, eləcə də "Van Amersfoort Rasinq"in pilotu Rafael Vilyaqomes qəzaya uğrayıblar.

Nəticədə trasa qəza avtomobili daxil olub.

Göte ilə Vilyaqomes yarışa davam edə bilməyəcəklər.

***

14:15

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2-nin sprint yarışı start götürüb.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yarışda 11 komanda mübarizə aparır.

Ötən gün baş tutan birinci sərbəst yürüşdə “Rodin Motorsport"un pilotu Aleks Dann, sıralama turunda isə DAMS komandasından Cek Krouford rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu gün saat 16:00-da Formula 1 üzrə sıralama turu da keçiriləcək. Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.