BAKI, 26 iyun. TELEQRAF

Ermənistanın hüquq-mühafizə orqanları dövlətçilik, təhlükəsizlik və sabitliyə qarşı yönəlmiş cinayət planını ifşa ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Ermənistanın dövlətçiliyinə, təhlükəsizliyinə və sabitliyinə qarşı yönəlmiş bir cinayət planı ortaya çıxarılıb və onun həyata keçirilməsi qarşısı alınıb. Hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarına təşəkkür edirəm”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, cinayətin qarşısının alınmasında fəal iştirak edən hüquq-mühafizə əməkdaşlarının dövlət mükafatlarına təqdim olunması məsələsini Ermənistan Prezidenti ilə müzakirə edib.

Paşinyan vurğulayıb ki, məsələ ilə bağlı artıq geniş həcmdə materiallar ictimaiyyətə açıqlanıb və əlavə edəcək bir məqam yoxdur. O, istintaqın effektiv aparılacağına və nəticələrin cəmiyyətə vaxtında və dolğun şəkildə təqdim olunacağına əminliyini ifadə edib.