Rusiya öz tərəfdaşlarına istənilən şərtləri diktə etməyin əleyhinədir və birlikdə daha xoşbəxt və zəngin olmağın tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, erməni xalqı Rusiya ilə əməkdaşlıqdan və Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən faydalanır.

Peskov Rusiyadan Ermənistana edilən güzəştlərə də diqqət çəkib.

“Biz kiməsə nəyisə diktə etməyin əleyhinəyik, birlikdə pul qazanmağın, xoşbəxt və daha zəngin olmağın tərəfdarıyıq. Əminik ki, erməni dostlarımız da bunu başa düşürlər ”, - Rusiya rəsmisi bildirib.

Peskov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdəki çətinliklər keçəcək.

“Rusiya sərhədçilərinin İrəvanın “Zvartnos” hava limanından çıxarılması ilə bağlı Ermənistan hakimiyyəti tərəfindən hələ heç bir qərar yoxdur. Ermənistan Avrasiya İqtisadi Birliyi üzvlüyündən faydalanır. Ümid edirik ki, İrəvan xarici siyasət qurarkən bunu nəzərə alacaq”, - Kremlin sözçüsü vurğulayıb.