Ermənistan hökuməti Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusu üçün yekun qərarını verməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları bu gün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı məsələ ilə əlaqədar qapalı toplantıya çağırıblar:
“Hakim qanad artıq ört-basdır edilməyən Avropayönlü xarici siyasət istiqaməti götürüb. Üstəgəl, parlamentin sədri səviyyəsində hakimiyyət bəyan edib ki, Ermənistan Avropa Birliyi üzvlüyünə namizəd olmağa hazırdır, sadəcə Brüsselin bizi qəbul etməsi qalır. Bu gün hakim partiyanın deputatları Armen Qriqoryanla bu məsələni müzakirə edəcəklər.
Heç kimə sirr deyil ki, Armen Qriqoryan hakimiyyətin ən Qərbyönlü simalarından biridir, Ermənistan-Rusiya münasibətləri ilə bağlı həmişə özünü kəskin ifadə edir.
“Vətəndaş Müqaviləsi”nin üzvləri yaxın vaxtlarda xarici işlər naziri Ararat Mirzoyanı da toplantıya çağırmağa hazırlaşırlar”.
“Hraparak”ın məlumatına görə, Nikol Paşinyan hökuməti payıza qədər AB üzvlüyünə namizəd statusu üçün Brüsselə müraciət edəcək. Ermənistan baş nazirinin müvafiq hazırlıq üçün komandasına göstəriş verdiyi bildirilir.