Ermənistan payıza qədər Avropa Birliyinə (AB) üzvlük statusu üçün müraciət edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan partiyasının üzvləri ilə görüşüb. Münxen və Paris görüşləri (Azərbaycanla) barədə danışan Ermənistan baş naziri komandasına yeni görüşün zəruri olduğunu da bildirib. Gündəlikdə Ermənistanın Avropa Birliyi üzvlüyünə namizədliyi məsələsi də olub. Paşinyan açıq şəkildə bildirib ki, Qərb Rusiyadan ayrılıb onu regiondan çıxarmaq üçün əməli addımlar tələb edir, indiki vəziyyətdə Ermənistanın bu tələbləri yerinə yetirməkdən başqa yolu yoxdur, çünki ruslar bizə arxa çeviriblər”, - məlumatda deyilir.

Nəşr xatırladır ki, spiker Alen Simonyan da ötən həftə Ermənistanın AB-yə üzvlüyə namizəd olmağa hazır olduğunu açıqlayıb:

“Paşinyan öz mövqeyini o kontekstdə təqdim edib ki, ölkəmizin təhlükəsizlik marağı AB üzvlüyünə namizəd olmağı tələb edir, bu da Ermənistanın güclənməsinə imkan verəcək. Paşinyan bununla bağlı ərizə vermək üçün nəzərdə tutduğu şərti də təqdim edib: Ermənistan ən geci payıza qədər müraciət etməlidir. Komandadaxili müzakirələrə görə, baş nazir həmin vaxta qədər konstitusiya referendumu keçirmək, dövlətin xarici siyasətini dəyişmək üçün xalqdan etimad səsi istəyir.

Bəzi etirazlara cavab olaraq, Nikol Paşinyan həmin addımın labüdlüyündə israr edib və yalnız payıza qədər vaxtlarının olduğunu bir neçə dəfə vurğulayıb”.