Rusiya Ermənistanı ciddiyə almır, Moskvada hesab edirlər ki, istənilən vaxt bura müdaxilə edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin keçmiş müavini Davit Ananyan deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistan və onunla münasibətlərə yuxarıdan aşağı baxır:

“Məsələn, iki ölkə arasında qarşılıqlı diplomatik fəaliyyətin təhlili əsasında, xüsusən də Rusiyanın Ermənistandakı səfiri və səfirliyinin fəaliyyəti, yaxud fəaliyyətsizliyi baxımından bu barədə mühakimə yürütmək olar. Rusiya səfirinin dəyişdirilməsi ilə bağlı təşəbbüslərin olmaması Kremlin Ermənistanı xüsusi diplomatik diqqət və ya yanaşmaların vaxtaşırı korrektə edilməsini tələb etməyən tərəfdaş kimi qəbul etdiyini göstərir. Bu kontekstdə qeyd etmək olar ki, Rusiya Ermənistanla münasibətlərinə regionda dominant olduğu əminliyindən baxır.

Moskva istənilən an öz təsirini artırmağı və ya Ermənistanın daxili siyasi həyatına müdaxilə etməyi lazım bildiyi zaman öz planlarının həyata keçirilməsi üçün ciddi maneələrin olmayacağı qənaətindədir. Bu, Ermənistanın Rusiya təsirinin çox ciddi olduğu bir dövlət kimi qəbul edilməsindən xəbər verir. Bu baxımdan Moskva ikitərəfli münasibətlərin rəsmi aspektləri, o cümlədən diplomatik nümayəndəliyinin səviyyəsini bir qədər aşağı qiymətləndirir”.