Moskva anti-Rusiya siyasətinə görə Ermənistanı cəzalandıracaq.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələrinin mahiyyəti yoxdur. Bu gün Qərb üçün Cənubi Qafqazda mübarizə obyekti Azərbaycan yox, Rusiyadır. Qərb Rusiyanı sıxışdırmaq üçün alternativ yollar axtarır. Qərbin Rusiyadan başqa hər hansı digər tərəflə ciddi münaqişəyə girə biləcəyini söyləmək gülüncdür. Rusiyanı bu regiondan birdəfəlik çıxarmağı hədəfləyirlər. Ermənistan hakimiyyəti Gürcüstan və Azərbaycandan fərqli olaraq bu siyasəti fəal şəkildə dəstəkləyir. Tiflis və Bakı balanslaşdırılmış siyasət aparmağa çalışır ki, bu da təbii olaraq Qərbin narazılığına səbəb olur. Amma bunlar səthi problemlərdir, Ermənistan üçün heç bir mühüm rol oynamır”, - ekspert bildirib.
Bozoyan hesab edir ki, Qərb Azərbaycana qarşı digər addımları atsa belə, bunun Ermənistana heç bir faydası olmayacaq:
“Çünki bunlar bizə yox, Rusiyaya qarşı yönəlib. Qərb Ermənistan hakimiyyətindən razıdır. Nəticədə Ermənistan-Rusiya münasibətlərini maksimum dərəcədə korlamağa cəhd edilir. Bu siyasətin faciəli sonu olacaq. Həmişə belə siyasət faciələr gətirir.
Qərar verilib ki, Rusiyadan uzaqlaşmaq lazımdır. Yəni artıq Qərblə dəqiq qərarları var. Yeri gəlmişkən, Moskva bütün bunları bilir, Ermənistanı hər formada cəzalandıracaq”.