Türkiyədən gələn sürpriz təklif Ermənistan rəhbərliyini çaşdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr xatırladır ki, Ermənistan-Türkiyə danışıqlarında Ankaranın xüsusi səfiri Sərdar Kılıç dünən rməni həmkarı Ruben Rubinyana sürpriz təklif verib:
“Kılıç gələn həftə İrəvanda görüşün keçirilməsini təklif edib.
Sərdar Kılıç və Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində indiyədək 4 görüş keçirib. Sonuncu 2022-ci ilin iyununda Vyanada baş tutub, o zaman tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması və bir sıra digər addımların atılması barədə razılığa gəliblər. Amma bu razılaşmalar indiyədək yerinə yetirilməyib.
Sərdar Kılıçın təklifində, yəni İrəvanda görüş keçirməkdə məqsəd nədir? Məsələ budur ki, Türkiyə uzun müddətdir münasibətlərinin tənzimlənməsi üçün danışıqlar prosesini İrəvan və ya Ankarada Qərb və ya digər ölkələrin müdaxiləsi olmadan aparmağa çalışır.
Ciddi çəki fərqlərini nəzərə alsaq, Türkiyə öz üstünlüyündən istifadə edərək erməni tərəfini yeni güzəştlərə sövq edəcək. Danışıqları isə hər iki tərəfdən müxtəlif çaplı şəxslər aparır. Əgər Rubinyan iş karyerasına yalnız 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra başlayıbsa və heç bir diplomatik təcrübəsi yoxdursa, Sərdar Kılıç onilliklər ərzində Türkiyənin aparıcı diplomatlarından biridir, həm də ABŞ-də səfir də olub. Beynəlxalq vasitəçilər olmadan yalnız iki ölkənin ərazisində görüşlər keçirmək istəyən Türkiyə ciddi məqsədlər güdür.
Təsadüfi deyil ki, bu təklifdən təəccüblənən Rubinyan bunu müzakirə edəcəklərini bildirib”.