Rusiya ilə münasibətləri gərginləşdirmək və KTMT-dən çıxmaq Ermənistana yaxşı heç nə gətirməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu “Erməni Milli Konqresi” Partiyası sədrinin müavini Aram Manukyan deyib.
“İrəvan KTMT və Rusiya ilə müqavilələrdən çıxdıqdan sonra hara gedəcəyini bilmir. Hindistan, Qərb və Fransa ilə münasibətlərdən danışırlar, amma onların heç biri 30 ildir içində olduğumuz təhlükəsizlik sistemini qismən belə əvəzləyə bilməz. Bu, ciddi problemdir. Ermənistan vakuumda, tərəfdarsız və tərəfdaşsız qala bilər. Yəni köhnə məhv edilir, yenisi yoxdur. İki öküz arasında qalırıq: NATO və KTMT-nin. NATO məsələsi ümumiyyətlə absurddur”, - siyasətçi vurğulayıb.
Manukyan “iki öküz arasında” qalan Ermənistanın əzilə biləcəyi və Türkiyənin yer aldığı NATO-ya üzvlüyün mümkünsüzlüyünü söyləyib.
Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan Qərbdən vəd aldığı üçün Rusiyaya meydan oxuyur:
“Qərb metal qırıntıları (köhnə silahları nəzərdə tutur – red.) verəcəyini, kömək edəcəyini vəd edir. Amma Qərbin problemi Ermənistanın təhlükəsizliyi və ya suverenliyinin qorunması deyil, anti-Rusiya meydanının yaradılmasıdır”.