BAKI, 24 sentyabr. TELEQRAF
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda real ÜDM artımının 2026-cı ildə 2 faiz, 2027-ci ildə isə 2,5 faiz təşkil edəcəyini proqnozlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə AYİB-un "Regional İqtisadi Perspektivlər" hesabatında qeyd edilib.
Bank hər iki il üzrə proqnozunu əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməyib.
Hesabatda bildirilib ki, iqtisadi artım perspektivləri karbohidrogenlərin qiymətləri və hasilat həcmlərinə həssas olaraq qalır:
“Ermənistanla sülh çərçivəsi üzrə irəliləyiş və yeni regional bağlantı təşəbbüsləri iqtisadi artım üçün əlavə imkanlar yarada bilər. Bərpa olunan enerjiyə iri həcmli investisiyaların davam etdirilməsi isə orta müddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsinə dəstək verə bilər”.
Bankın təhlilində qeyd edilib ki, 2026-cı ilin birinci rübündə daralan Azərbaycan iqtisadiyyatında sonrakı aylarda bərpa başlayıb və ilk yeddi ayda illik iqtisadi artım 1,4 faiz təşkil edib.
İlin yanvar-iyul aylarında neft-qaz sektoru 0,6 faiz azalıb, qeyri-hidrokarbon ÜDM isə illik ifadədə 2,2 faiz artıb. Bu dövrdə informasiya və kommunikasiya xidmətləri, nəqliyyat və anbar təsərrüfatı, eləcə də sənaye sahələrində güclü artım qeydə alınıb.
Sabit kapitala investisiyalar əsasən neft-qaz sektoruna yatırılan vəsaitlərin hesabına illik 10,7 faiz artıb.
İnflyasiya orta hesabla 5,7 faiz təşkil edib və Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə yaxın olub. Mərkəzi Bank fevral ayında uçot dərəcəsini 25 baza bəndi endirdikdən sonra onu 6,5 faiz səviyyəsində sabit saxlayıb.
2026-cı ilin ilk yeddi ayında dövlət büdcəsində ÜDM-in təxminən 4,5 faizi həcmində profisit yaranıb.
Dörd rüb üzrə hesablanan göstəriciyə əsasən, 2026-cı ilin birinci rübündə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,3 faizini təşkil edib.
2026-cı ilin avqustun əvvəlində strateji valyuta ehtiyatlarının həcmi 2025-ci il üzrə ÜDM-in 114 faizinə bərabər olub. Bu göstərici illik müqayisədə 12,2 faiz artıb.