BAKI, 17 sentyabr. TELEQRAF
Azərbaycanın Energetika Nazirliyi ilə Özbəkistanın Energetika Nazirliyi arasında 2026-2028-ci illər üzrə energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, sənəd energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə imzalanıb.
Bildirilib ki, sənəddə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi, neft-qaz sektorunda geoloji-kəşfiyyat və hasilat üzrə əməkdaşlıq, neft və neft məhsullarının tədarükü, emal sahəsində birgə layihələrin inkişafı, SOCAR-ın Özbəkistanda fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yol Xəritəsi, həmçinin enerji səmərəliliyi və istilik energetikası sahələrində təcrübə və bilik mübadiləsinin gücləndirilməsini əhatə edir.
Tərəflərin görüşü zamanı neft-qaz və elektroenergetika, bərpa olunan enerji, enerji səmərəliliyi və tənzimləmə, qarşılıqlı investisiyalar, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin strateji əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi məqsədilə Qara dəniz, həmçinin Türkiyə istiqamətində inkişaf etdirdiyi enerji bağlantılarının Mərkəzi Asiyadan Avropaya uzanan daha geniş yaşıl enerji marşrutunun formalaşmasına imkan yaratdığı bildirilib.
*** 16:00
Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.
"Özbəkistanın energetika naziri Şerzod Xocayevlə görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizin dinamik inkişafına uyğun olaraq enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin inkişafı, neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi və investisiyalar üzrə tərəfdaşlığı dəyərləndirdik," - deyə nazir əlavə edib.