BAKI, 17 dekabr. TELEQRAF

2025-ci ilin oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə təbii qaz ixracında 1,17% azalma olub.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, Azərbaycan Türkiyənin qaz idxalında ikinci olub.

Bu ilin oktyabrında Azərbaycandan Türkiyəyə 996,80 milyon kub metr təbii qaz ixrac edilib.

Tədarükdə 4,83% azalmaya baxmayaraq, Rusiya Türkiyənin ən böyük tərəfdaşı olub. Bu ölkədən 1 milyard 628,50 milyon kub metr təbii qaz alınıb.

Qonşu ölkənin digər tədarükçüsü olan İrandan 820,11 milyon kub metr təbii qaz alınıb. İdxalda 5,33% azalma olub.

Türkiyə bir sıra ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) da idxal edib. Əlcəzairdən 363,55, Seneqaldan 100,94, ABŞ-dən 98,35, Misirdən isə 96,57 milyon kub metr LNG alıb.

Beləliklə, Türkiyənin qaz idxalında Rusiya 39.67%, Azərbaycan 24.28%, İran 19.98%, Əlcəzair 8.86%, Seneqal 2,46%, ABŞ 2,40%, Misir isə 2,35% paya sahib olub.

Qeyd edək ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür.