BAKI, 4 aprel. TELEQRAF

İraqın Neft Nazirliyi İraq Kürd Regional Rəhbərliyindən (KRG) neft ixracının bərpası üçün əlaqədar tərəflərlə təcili görüş tələb edib.

Teleqraf xəbər verir ki, İraq Neft Nazirliyi KRG-dən ixracın bərpasını təmin etmək üçün danışıqlarda ciddi addımlar atmasını istəyib.

Nazirlik qeyri-qanuni xam neft satışının qarşısının alınması üçün KRG-dən neft ixracı ilə bağlı ən qısa zamanda razılığın əldə edilməsinin vacib olduğunu və qeyri-real tələblərin yekun razılaşmanı gecikdirdiyini açıqlayıb.

Qeyd edək ki, bu ilin fevralında ABŞ Dövlət katibi Marko Rubio və İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər.

Kərkük-Ceyhan boru kəməri ilə neft nəqli 2023-cü ilin martında Bağdadın beynəlxalq məhkəmədə İraq Kürdüstanı muxtar bölgəsindən neft ixracı ilə bağlı Türkiyəyə qarşı 2014-cü ildən davam edən prosesi qazanmasından sonra dayandırılıb. Bağdadın əsas iddiası Türkiyənin BOTAŞ neft-qaz şirkətinin İraq Kürdüstanından hasil edilən nefti İraq hökumətinin rəsmi icazəsi və razılığı olmadan dünya bazarına çıxarması ilə bağlı olub.