
BAKI, 25 mart. TELEQRAF
Türkiyənin enerji şirkəti BOTAŞ-la gündəlik 500 min dollarlıq təbii qaz müqaviləsi olan Bolqarıstanın dövlət şirkəti "Bulgargaz" iyul ayından bəri ödəniş etməyib.
Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, BOTAŞ müqaviləyə yenidən baxılmasını tələb etsə də, Bolqarıstanın energetika naziri Zhecho Stankov ölkəsinin bu borcu ödəməyə maliyyə gücünün olmadığını deyib.
Borcunu ödəyə bilməyən Bolqarıstan Qara dənizdə qaz kəşfiyyatı üçün Britaniya və Hollandiya ortaq şirkəti olan Shell ilə müqavilə bağlamağa hazırlaşır. Energetika naziri Stankov Nova bildirib ki, ölkə yaxın iki-üç həftə ərzində Shell ilə müqavilə imzalayacaq.
Bu müqaviləyə əsasən, Shell Xan Tervel blokunda kəşfiyyata başlayacaq. Nazir Stankov bildirib ki, Shell dünyanın ən böyük enerji şirkətlərindən biridir və bu layihədən yaxşı nəticələr gözləyir.
Bundan əlavə, İsrailin NewMed enerji şirkəti Bolqarıstanın Qara dənizdəki ən böyük bloku olan Xan Asparux yatağında OMV Petrom şirkətinin tərəfdaşı olub. Nazir Stankov hər iki şirkətin kəşfiyyat işlərində bərabər hüquqlara malik olacağını açıqlayıb.
Bulgargaz 2035-ci ilə qədər davam edəcək müqavilə çərçivəsində BOTAŞ-a cəmi 76,7 milyard TL (2 milyard dollar) ödəməlidir. Ancaq şirkətin bu ödənişi hələ də həyata keçirmədiyi məlum olub.
Nazir Stankov Türkiyə ilə enerji müqavilələrini yenidən müzakirə etməyə ümid etdiklərini bildirib və aprelin əvvəlində Türkiyənin energetika naziri ilə görüş planlaşdırdıqlarını bildirib.
Nazir Stankov “Bulgargaz”ın müflis olub-olmayacağı sualına hökumətin hər zaman enerji şirkətlərinin arxasında olduğunu bildirməklə cavablandırıb.
Maraqlıdır ki, BOTAŞ aylardır ödəniş almasa da, Bolqarıstana qaz nəqlini davam etdirir.