
BAKI, 21 mart. TELEQRAF
Avropa Komissiyası (AK) Türkiyə və Yunanıstandan təbii qaz almaqla Ukraynadakı yeraltı qaz anbarlarının (UGS) tranzit imkanlarını öyrənir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, belə bir sxem Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılmasından narazı olan Slovakiya hakimiyyətinin “qəzəbini yumşaltmağa” imkan verəcək. Belə ki, Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlindən Slovakiya ildə 500 milyon avroya qədər tranzit gəliri əldə edirdi.
Slovakiyanın baş naziri Robert Fitso elektrik enerjisi ixracını və ukraynalı qaçqınlara yardımı dayandırmaqla hədələyərək Kiyevdən Rusiya ilə müqaviləni yeniləməyi tələb edib.Bu səbəbdən Brüsselin hazırda Aİ-yə Ukraynadan qaz idxalını bərpa etməyə imkan verəcək planı nəzərdən keçirdiyi bildirilir. Buna nail olmaq üçün Yunanıstan və Türkiyədən 10 milyard kubmetr təbii qazın alınaraq Ukraynadakı anbarlara vurulması planlaşdırılır.
Nəşr yazır ki, bəzi ekspertlər belə bir planın həyata keçirilməsinin mümkünlüyünə şübhə ilə yanaşırlar. Hesab edirlər ki, Balkan qaz kəmərləri şəbəkəsi ilə Ukraynaya maksimum 2,5 milyard kubmetr qaz tədarük edilə bilər ki, bu da nəzərdə tutulan 10 milyarddan xeyli azdır.
Bundan əlavə, ekspertlərin rəyinə görə, belə bir sxem iqtisadi cəhətdən sərfəli deyil və həyata keçiriləcəyi təqdirdə subsidiyalar tələb olunacaq.
Bu plana alternativ Azərbaycandan tədarük göstərilir.