BAKI, 21 mart. TELEQRAF

Avropada yeraltı anbarlardakı (UGS) qaz ehtiyatları son üç ildə ilk dəfə 34%-ə, yaxud 38 milyard kubmetrdən aşağı düşüb. Yeraltı anbarlardan qaz çəkilməsi soyuq hava fonunda yenidən sürətlənib. İstilik mövsümü başlayandan Avropa İttifaqının yeraltı qaz anbarlarından 68 milyard kubmetrdən çox qaz çıxarılıb.

Teleqraf xəbər verir ki, martın 19-da Aİ ölkələrindəki yeraltı anbarlardan qazın çıxarılması 306 milyon kubmetr təşkil edib.

Cari istilik mövsümündə qaz ehtiyatlarının yüksək istehlak templəri fonunda, yeraltı qaz anbarlarında yanacağın ümumi həcmi 37,7 milyard kubmetrə düşüb.

Avropanın yeraltı anbarlarından qazın çıxarılması mövsümü 2024-cü ilin martın 31-də başa çatıb. O zaman ehtiyatların həcmi 58,44% təşkil edirdi.