BAKI, 13 fevral. TELEQRAF

2024-cü ildə "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon dollar əməliyyat xərcləri və təxminən 766 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Teleqraf xəbər verir ki, 2022-ci ildə başlanmış "Şahdəniz Alfa" (SDA) elektrik təchizatı layihəsi 2024-cü ilin dördüncü rübündə uğurla tamamlanıb.

Bu layihə SDA platformasına ondan cəmi 8 kilometr aralıda yerləşən "Bravo" platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaradıb.

Elektrik enerjisinin ötürülməsi sualtı cərəyan və fiber-optik kabel vasitəsilə təmin olunur. Bu modernləşdirmə SDA istismara veriləndən bəri orada istifadə olunan beş dizel generatoruna ehtiyacı aradan qaldırmaqla platformanın əməliyyat səmərəliliyini artıracaq, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin edəcək və xərcləri azaldacaq.