![](https://teleqraf.az/storage/2025/02/08/715x378/az.jpg)
BAKI, 7 fevral. TELEQRAF
“Azərişıq” ASC son beş il ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirib və bu proses hazırda da davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında məlumat verib.
Məmmədzadə bildirib ki, doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar quraşdırılır, elektrik xətləri çəkilir və yeni güc mərkəzləri yaradılır.
“Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0,4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq bir yarımstansiya, həmçinin Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda isə Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib”, - deyə A.Məmmədzadə bildirib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin inşası aparılır. Belə ki, Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, 110/35/10 kV-luq Minkənd yarımstansiyasının inşası davam edir, Ağbulaq-SES və Minkənd yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi başa çatmaq üzrədir, Xocalıda Xocalı yarımstansiyası və İdarəetmə Mərkəzi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir, Xocavənddə Zoğalbulaq yarımstansiyasının tikintisi və Hadrut Qovşaq yarımstansiyası ilə Zoğalbulaq yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi həyata keçirilir, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatı üçün müasir transformator yarımstansiyaları inşa edilir, Qubadlıda Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri aparılır".