BAKI, 7 avqust. TELEQRAF
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat 23:59-dək davam edəcək.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, ixtisas seçimi mərhələsində abituriyentlər verilən tarixədək qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
"7 avqust saat 09:45-ə olan məlumata əsasən 7437 abituriyent (Azərbaycan bölməsi - 7084; rus bölməsi - 353) artıq ərizəsini təsdiq edib.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.
Müsabiqədə yalnız elektron ərizəsini təsdiq etmiş şəxslər iştirak edə bilərlər",- məlumatda bildirilib.