BAKI, 10 iyul. TELEQRAF
Qarabağ Universitetində 2026/2027-ci tədris ilindən ilk dəfə tələbə qəbulu həyata keçiriləcək biznesin idarə edilməsi və iqtisadiyyat ixtisasları üzrə bakalavr proqramları Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Bu barədə Teleqraf-a Qarabağ Universitetindən məlumat verilib.
Bildrilib ki, Biznesin İdarə Edilməsi proqramı “Exeter” Universitetinin, İqtisadiyyat (BSc Economics) proqramı isə “Oxford” Universitetinin alimləri ilə əməkdaşlıq nəticəsində beynəlxalq standartlara uyğun və müasir yanaşmalar əsasında formalaşdırılıb.
Əməkdaşlıq çərçivəsində hər iki universitetin akademik heyəti Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə sıx əməkdaşlıq edərək proqramların məzmununun hazırlanmasında iştirak edib. Proqramların yekunlaşdırılması məqsədilə “Exeter” və “Oxford” universitetlərinin nümayəndələri Qarabağ Universitetinə səfər edərək fakültənin akademik heyəti ilə seminarlar, interaktiv iş sessiyaları və geniş müzakirələr aparıblar.
İş sessiyalarında proqramların strukturu, fənn məzmunu, tədris metodologiyası və öyrənmə nəticələri ətraflı təqdim edilərək müzakirə olunub. Bu proses proqramların universitetin akademik heyəti tərəfindən daha dərindən mənimsənilməsinə və onların effektiv şəkildə tətbiqinə hazırlığın təmin edilməsinə xidmət edib.
Hər iki proqram müasir əmək bazarının və qlobal təhsil mühitinin tələbləri nəzərə alınmaqla hazırlanıb. Tədris planlarında biznes və iqtisadiyyat sahələri üzrə fundamental nəzəri biliklərlə yanaşı, data analitikası, süni intellekt, proqramlaşdırma və rəqəmsal transformasiya kimi müasir istiqamətlərə də geniş yer ayrılıb.
Həyata keçirilən bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlarının genişləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal standartlara uyğun, rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim edilməsi istiqamətində atılan mühüm addımlardan biridir.