BAKI, 8 iyul. TELEQRAF

“Bu proqram Azərbaycanın ali təhsilində həyata keçirilən mühüm islahatlardan biridir. İnanıram ki, növbəti illərdə bu təşəbbüs həm əhatə dairəsi, həm də keyfiyyət baxımından daha da genişlənəcək və ali təhsildə arzu etdiyimiz keyfiyyət standartlarına nail olmaq yolunda mühüm rol oynayacaq”.

Teleqraf xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “SABAH məzunu – 2026” tədbirində çıxışı zamanı səsləndirib.

Nazir qeyd edib ki, vaxtilə Azərbaycan təhsilinin gələcəyi kimi nəzərdə tutulan layihə illər ərzində inkişaf edərək bu gün təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib və tələbələrin keyfiyyətli təhsil almasına mühüm töhfə verir:

"Əminəm ki, 10 il ərzində “SABAH” proqramının bütün məzunlarını bir araya toplasaq, bir neçə belə zal dolar. Bu isə o deməkdir ki, minlərlə məzunumuz Azərbaycanın gələcəyinə, davamlı inkişafına, sosial rifahın yüksəlməsinə və ölkəmizin daha da qüdrətlənməsinə töhfə verən dəyərli insan kapitalına çevrilib. Təhsilin əsas mənası da məhz insan yetişdirmək, onu öz ölkəsinə və vətəninə layiqli, cəmiyyət üçün faydalı bir şəxs kimi formalaşdırmaqdır”.