BAKI, 30 iyun. TELEQRAF
Məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qaydaların tətbiqinin əsas məqsədi tədris prosesinin pozulmasının qarşısını almaqdır.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə sual-cavab sessiyasında deyib.
O bildirib ki, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir.
"Buna görə də bu sahədə vahid qaydaların tətbiqinə ehtiyac var. Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir. Lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır", - nazir vurğulayıb.
E. Əmrullayev əlavə edib ki, yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür. Onun sözlərinə görə, məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin tədris prosesinə mane olmasının qarşısını almaqdır.