BAKI, 17 aprel. TELEQRAF

“Yüksəliş” müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi 16 aprel 2026-cı il tarixində uğurla başa çatıb.

Teleqraf xəbər verir ki, bu fikirləri Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

O bildirib ki, qeydiyyat müddəti ərzində müsabiqədə iştirak etmək üçün ümumilikdə 17 651 nəfər müraciət edib.

“VI mövsüm üzrə qeydə alınan bu nəticə müsabiqəyə ictimai marağın ildən-ilə yüksəldiyini göstərməklə yanaşı, iştirakçı sayı baxımından əvvəlki mövsümlərlə müqayisədə daha yüksək göstəricinin əldə olunduğunu ortaya qoyur. Müqayisə üçün qeyd edək ki, ötən mövsümdə bu rəqəm 16 553 nəfər təşkil edib.

Qeydiyyatdan keçən namizədlərin 13 101-i kişi, 4 550-si qadındır. Müsabiqəyə müraciət edənlər arasında 10 120 nəfər ötən illərdə də iştirak etmiş namizədlərdir”, - o vurğulayıb.