BAKI, 1 may. TELEQRAF

4000-dən çox istifadəçi mektebeqebul.edu.az portalında şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gündən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu prosesinə start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada aparılır.

Təxminən 85 min uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Bu gün saat 11:00-dan – valideynlər üçün şəxsi kabinetin yaradılması və qeydiyyat mərhələsi başlayıb. 6 may tarixindən – Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsi aktiv olacaq.

Tətbiq edilən yeniliyə əsasən bu ildən etibarən şəxsi kabinetə giriş “Digital Login” – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi vasitəsilə həyata keçirilir. Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:
6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.
12–31 may – müsahibələrin keçirilməsi.
17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi
Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron)
Azərbaycan bölməsi üzrə: 6 may, saat 11:00 – 5 iyun
Digər dillərdə tədris üzrə: 7 iyun, saat 11:00 – 17 iyul

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

“Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinə müsabiqə mərhələsi ləğv olunub.

Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq. Digər 6 məktəb üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq. Qəbul prosesi sentyabrın 12-də başa çatacaq.