
BAKI, 13 mart. TELEQRAF
Qarabağ Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə seminar keçirilib.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
“Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: suverenliyə aparan yol” mövzusuna həsr olunmuş tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Tarix kafedrasının professoru Həvva Məmmədova, ümumi işlər üzrə prorektoru Mirağa Seyidli, Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Elvin Əzizbəyov iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və bildirib ki, Dövlət İdarəçilik Akademiyası tərəfindən həyata keçirilən tədbirin suverenliyimizin bərpa edildiyi torpaqlarda - Xankəndi şəhərində baş tutması əlamətdar hadisədir. Rektor Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Qarabağ Universitetinin qarşısına qoyulan strateji məqsədlərə çatmaq üçün yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətli olduğunu qeyd edib. Ş.Bayramov əsas prioritetlərdən birinin Qarabağ Universitetinin elm və innovasiya mərkəzinə çevrilməsi olduğunu vurğulayaraq əlavə edib ki, burada təhsil alan tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, həm də dövlətçilik məfkurəsi ətrafında birləşməlidirlər.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edərək idarəçilik prosesində uğurlu inkişafa təsir edən amillərdən bəhs edib. U.Ələkbərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə tətbiq edilən müasir idarəetmə prinsipləri və strateji yanaşmalar dövlətimizin suverenliyinin qorunmasında və gücləndirilməsində böyük rola malikdir. O, idarəetmə sahəsindəki yeniliklərin, effektiv qərar qəbul etmə mexanizmlərinin və müasir texnologiyaların tətbiqinin Azərbaycanın beynəlxalq arenada müstəqilliyini və gücünü artıran əsas amillərdən biri olduğunu bildirib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi və onun reallaşdırılması mexanizmləri” mövzusundakı çıxışında mövcud siyasi prosesin əhəmiyyətinə və qarşıya qoyulan hədəflərin realizasiyası üçün tələb olunan addımlara diqqət çəkib. E.Nəsirov qeyd edib ki, məhz suverenliyin tam şəkildə bərpa edildiyi tarixin ildönümündə Xankəndi şəhərində Qarabağ Universitetinin açılması suverenlik amillərinə söykənir.
Tarix kafedrasının professoru Həvva Məmmədova “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası: reallıqlar və perspektivlər” mövzusunda etdiyi çıxışda Azərbaycanın qədim və müasir tarixində ərazi bütövlüyü və suverenliyin bərpası prosesinin əhəmiyyətini nəzərə çatdırıb. Professor bildirib ki, Azərbaycanın bu məsələlərdəki mövqeyi regionda sabitliyin qorunması, iqtisadi inkişaf və ölkənin beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə sıx bağlıdır.
Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Elvin Əzizbəyov “İnnovativ dövlət idarəçiliyinin rəqəmsal aspektləri” mövzusunda çıxış edərək dövrün tələblərinə cavab vermək üçün dövlət idarəçiliyi sahəsində innovativ yanaşmalar və texnologiyaların tətbiq edildiyini vurğulayıb. E.Əzizbəyov əlavə edib ki, “Elektron hökumət” formatlı rəqəmsal xidmətlər Azərbaycan dövlətinin rəqəmsal transformasiyasının mühüm hissəsini təşkil edir və bu proses idarəetmənin sadələşdirilməsi, vətəndaşların daha sürətli və asan xidmətlər əldə etməsini təmin edir.