BAKI, 24 fevral. TELEQRAF

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma yaxın günlərdə istifadəyə veriləcək.

Bununla bağlı Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan ödənişsiz sınaq imtahanının təşkil edilməsi üçün hazırlıq işlərini başa çatdırıb:

"Yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahanda iştirak etmək istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada sınaq imtahanında iştirak edə biləcəklər. Nəzərinizə çatdırırıq ki, imtahanda iştirak etmək üçün qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərin məxfiliyi tam şəkildə qorunacaq".

Qeyd olunub ki, bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas götürülən Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European Framework of Reference for Languages (CEFR) əsaslanaraq Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri xanım Məleykə Abbaszadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb:

"CEFR-də olduğu kimi, Azərbaycan Dili Sertifikasiya İmtahan modelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər.

Məlumat üçün bildirək ki, “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi” (CEFR) də ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri xanım Məleykə Abbaszadənin təşəbbüsü ilə mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib. CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi, təhsil sahəsində mühüm bir nailiyyət olmaqla yanaşı, həm də ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir. Sənədin Azərbaycan dilinə tərcümə olunmuş versiyası Avropa Şurasının saytının müvafiq bölməsində, həmçinin Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib", - məlumatda qeyd olunub.