BAKI, 19 fevral. TELEQRAF

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyinat cənab Prezident tərəfindən göstərilən çox böyük etimaddır.

Bu etimadın məsuliyyətini başa düşürük və çalışacağıq ki, bu etimadı doğruldaq. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti böyük tarixi, ənənəsi olan universitetdir, bu günə qədər görkəmli alimlər yetişdirib”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni təyin olunmuş rektoru, dosent Rüfət Əzizov deyib.

O bildirib ki, rəhbərlik etdiyi ali məktəbin istər elmi, istərsə də innovasiyalarla bağlı potensialı olduqca böyükdür: “Burada tədris yüksək səviyyədə təşkil olunub, tədrisdə ingilis dilinin istifadəsi yüksək səviyyədədir. Bu kontektdən baxanda kifayət qədər qabaqcıl universitetdir”.

Gələcək planlardan danışmağın erkən olduğunu vurğulayan rektor qeyd edib ki, bir neçə ay ərzində təhlillər aparılacaq və universitetin strateji planında nəzərdə tutulmuş istiqamətlərə bir daha baxılacaq: “Bundan irəli gələrək hədəflər müəyyənləşdiriləcək, təqdimat sisteminin, işə götürənlərlə birgə məzmunun yenilənməsi, universitetin sənaye müəssisələri ilə əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılacaq, ümumilikdə kadr hazırlamaq üçün müasir dövrün vacib olan tələblərini müəyyən edilib ona uyğun addımlar atılacaq. Çalışmalıyıq ki, həm rəhbərlik, həm də professor-müəllim heyəti tərəfindən tələb olunan bilik və bacarıqlar təmin edilsin. Hazırda müəyyən işlərlə tanış olur və təhlillər aparırıq. Bunun əsasında strateji planları ortaya qoyacağıq”.