BAKI, 18 fevral. TELEQRAF

Texnologiya uzun müddətdir ki, iqtisadi güclərin və digər komponentlərin inkişafında aparıcı gücə çevrilib.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Texnologiya geosiyasəti” mövzusunda keçirilən akademik seminarda bildirib.

Səfir qeyd edib ki, hazırda texnologiya dünyasının gələcəkdə insan həyatına necə təsir edəcəyinə dair araşdırmalar aparan çox sayda insan var.

"Yeni nəsil - "Z" nəsli olan uşaqların əlində smartfonlar var. Biz professorlar, psixoloqlar olaraq, bu məsələnin həlli yolları üzərində çalışırıq. Diqqət etsəniz, uşaqlar arasında intihar hallarının artdığını görə bilərsiniz. Telefon aludəçisi olan azyaşlılarda getdikcə sosial fobiya yaranır. Bu problemi həll etməli, uşaqların sosyallaşma səviyyəsini artırmalıyıq",- səfir diqqətə çatdırıb.

Birol Akgün bildirib ki, süni intellekt və rəqəmsallaşma geosiyasət baxımdan da mühüm təsirə malikdir: "Xüsusilə, yüksək texnologiyaya əsaslanan ölkələr yeni ittifaqların yaradılmasına yönəlir. Bu cür hadisələr yeni dostluqların yaranmasına gətirib çıxarır. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunu nümunə göstərə bilərəm. 44 gün davam edən Vətən müharibəsində Türkiyənin texnoloji cəhətdən göstərdiyi dəstək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi".