BAKI, 17 noyabr. TELEQRAF
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlara start verilib.
Teleqraf xəbər verir ki, ilk yarış günündə qılıncoynatmanın sablya növü üzrə qadınların və şpaqa növü üzrə kişilərin şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Sablya qadınların şəxsi yarışında Palina Kaspiaroviç, şpaqa kişilərin şəxsi yarışında isə Vahab Fətullayev bürünc medal qazanıblar.
Qrup mərhələsini dörd qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.
Qrup mərhələsini dörd qələbə ilə bitirən Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında 1/4 finalda Türkiyə təmsilçisinə qalib gəlib. Palina gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə Özbəkistan sablyaçısı Gülistan Perdebaevaya 12:15 hesabı ilə uduzub.