TOVUZ, 13 aprel. TELEQRAF

“Dünyada bu cür praktika yoxdur. Ən azından final iki oyundan ibarət olmalıdır. Türkiyəyə və digər yaxın ölkələrə baxsaq, fərqli sistemlər görərik”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Yüksək Qızlar Liqasının finalına vəsiqə qazanan “Turan”ın baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis yarımfinalın cavab görüşündə “Gəncə”ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təəssüratlarını bölüşüb:

“Bu gün Tovuzda əsl bayram əhval-ruhiyyəsi var idi. Əlbəttə ki, bu, "Turan" voleybol komandasının sayəsində idi. Biz qızlarımızdan daha da yaxşı performans gözləyirik və çempion olmaq istəyirik. Hamımız kuboku qazanmağı hədəfləmişik. Finalda "Turan"ın qələbə qazanacağına inanıram".

Baş məşqçi finalın 1 oyundan ibarət olmasından da danışıb:

"Verilən qərarlara uyğun hərəkət edirik. Bizim üçün fərqi yoxdur. Aprelin 19-u final günüdür və biz həmin oyuna düzgün hazırlaşıb çempion olmaq istəyirik".