BAKI, 7 fevral. TELEQRAF

Qazaxıstanın Konstitusiya Komissiyası yeni Konstitusiya layihəsinə tengenin milli valyuta kimi müəyyən edilməsi bəndini əlavə edib.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov iclasında qeyd edib.

"Xüsusilə, tengenin konstitusiya ilə milli valyuta kimi təsbit edilməsi təklifini həyata keçirmək üçün 2-ci maddəyə aşağıdakı bənd əlavə edilib: "Qazaxıstan Respublikasının milli valyutası (pul vahidi) tengedir." "Tengənin buraxılması üçün müstəsna hüquq Qazaxıstan Respublikasına məxsusdur", - o bildirib.

Daha əvvəl, Konstitusiya layihəsində tengənin milli valyuta statusunun təsbit edilməsi təklifi parlamentin (aşağı palata) üzvü və "Respublika" partiyası fraksiyasının lideri Aydarbek Xodjanazarov tərəfindən irəli sürülmüşdü. O, qeyd etmişdi ki, milli valyutanın mövcudluğu ölkənin iqtisadi və mədəni müstəqilliyinin, eləcə də suverenliyinin əsas göstəricisidir.