Teleqraf.com-un “Portret” layihəsində Qəşəm Nəcəfzadə mərhum şair dostu Böyükxan Pərviz haqqında danışır.

– Qəşəm müəllim, Böyükxan Pərvizi neçənci ildən tanıyırsınız?

– Əvvəllər şeirlərini oxumuşdum. 1999-cu ildə isə Masallıdan Bakıya gəldi və şəxsən tanış olduq. Bakıda Konservatoriyada işləyir, həyat yoldaşı ilə birlikdə xorda oxuyurdu. Çox gözəl, əzəmətli, güclü ariası vardı, hərdən Yazıçılar Birliyində də oxuyurdu. Qələm dostları arasında onu ən yaxşı tanıyan mən idim. “Pərvanə” ədəbi məclisinə gəlib-gedirdi, çıxış üçün tez-tez söz verdim, şeirlərini oxudu. “Pərvanə” almanaxında da onun bir kitablıq şeirini çap elətdirdim. Böyükxan çox istedadlı və bədbəxt bir adam idi.

Nə mənada bədbəxt?

– Elə istedadlı olduğuna görə bədbəxt idi. Hara gedirdi Salam Sarvanın şeirlərini əzbərdən oxuyurdu. Salamı şair kimi çox sevirdi. Bilmirəm, bunu danışmaq nə qədər düzgündür, Salam bir dəfə çayxanda Böyükxanı qəfildən vurmuşdu.

Vurmuşdu?

– Hə...

– Nəyə görə?

– Dəqiq yadımda deyil. Səhv eləmirəmsə, adi bir söz üstündə mübahisələri düşmüşdü. Aqşin onun şeirlərini mətbuatda lağlağıya və məsxərəyə qoyurdu. Şeirindəki misranı dəyişirdilər, ələ salırdılar, Böyükxan da gedib həmin adamlarla dalaşırdı, uzun müddət yersiz davalar aparırdı. Daha sonra həmin uşaqlar onunla məzələnirdilər, o isə bunu bilmirdi və təzədən gedib onlarla otururdu. Ümumiyyətlə, Böyükxanı kim döyürdüsə, tənqid edirdisə, onun yanında idi. Bi adamdan bir dəfə də olsun çəkinmək, küsmək, geri çəkilmək, kin saxlamaq yox idi.

Neçə yaşında dünyasını dəyişdi?

– 49 yaşında!

– Şeir kitabı vardımı?

– “Günahım səni sevməkdir” adlı bir kitabı çap olunmuşdu. Bu kitab onun gördüyü ilk və son kitabı idi. Bir çiyin çantası vardı. Orda həmişə su, daraq və çoxlu manatlıq pul olardı. Hardasa yeyib-içmək məclisi olanda deyirdi ki, üç manat məndə!

– Neçənci ildə dünyasını dəyişdi?

– Dəqiq yadımda deyil. Bir dəfə yığışıb yanına da getmişdik. O ölüm yatağında belə ölümlə məzələnirdi.

– Hansı xəstəlikdən dünyasını dəyişdi?

– Xərçəng idi. Rafiq Tağı ona çox böyük qayğı göstərirdi, onu həkimə aparırdı. Elə Rafiq Tağı demişdi ki, vəziyyəti çox ağırdır. Yanına gedəndə mənə demişdi ki, Qəşəm, gündə bir qaşıq şorba yesəm sağalaram. Amma yeyə bilmirdi. Yanında bir tumba vardı, üstündə də qızdırmaölçən. Həmin vaxt onun hərarəti 42 dərəcə idi. Çox həyat dolu və baməzə adam idi. Çay içəndə qəndi göyə atıb ağzıyla tutur, sonra çay içirdi. Ya da qəfildən gözünü çevirirdi, gözü ağappaq ağarırdı. Çox gülməli hərəkəti və gülməli xarakteri vardı. Görünür, bu da onun istedadından xəbər verirdi. Daim gənclərin yanında idi və onlarla oturub-durmağı xoşlayırdı. Dayandur Sevgin onun şeirindən bir sözü dəyişmişdi deyə gedib Anara belə şikayət etmişd. Demişdi ki, bəs Dayandur “Kaspi” qəzetində şeirimin bir misrasını dəyişib. Kitabı yox idi, şeirlərinin səhifə-səhifə üzünü çıxardıb camaata paylayırdı. Bu mənim üçün nisgilli bir xatirədir. Böyükxan Pərviz layiqli dəyərini almadı, həyatdan həmişə giley edirdi.

– Şeirləri az idi?

– Xeyr, çox idi. Sadəcə, kitab pulla çap olunurdu. Ona görə də imkanı balaca bir kitaba çatdı. Və dostları o kitabların hamsıını aldı.

– Sizcə, bir kitabla ədəbiyyat tarixində qalmaq olurmu?

– Əlbəttə, olur. Sadəcə, indiki gənc nəsli onu bir şair kimi tanımır. Onların indi yazdığı şeirlərin çoxnunu Böyükxan Pərviz vaxtilə yazıb. Məncə, onun şeirlərini tez-tez çap etdirmək lazımdır ki, gənclər bunu görsün.

Ahımı göndərdim arxanca ki, tapşırmışam, səni diri gətirsin. Böyükxan Pərviz misranı Salam Sarvandan əvvəl yazmışdı, yoxsa sonra?

– Böyükxan Salama olan sevgisinə görə şeirlərində həm də onu yamsılayırdı.

– Heca vəznində yazırdı?

– Bəli... Əsasən, gəraylı formasında.

Sizdən başqa dostu yox idimi?

– Hamı ilə yaxın idi. Amma onu ən çox dəyərləndirən, ona ən çox qiymət verənlərdən biri mən idim. Çox qəribə adam idi. Bir də görürdün mənimlə düşmən oldu, bir də görürdün, dost olurdu. Yəni sabit adam deyildi. Məsələn, bir dəfə eşidirdim adamları öyrədirmiş ki, “Pərvanə”yə gəlməyin. Hətta məclisin yığıncağı vaxtı kitabxanaya gedib onları da çağırıbmış ki, gəlin ayrı dərnək yaradaq. Sonra həmin uşaqlar “Pərvanə”yə gələndə Böyükxan da onların ardınca gəlmişdi ki, bəs söz danışmışdıq, niyə gəlmədiniz?

– Övladları nə işlə məşğuldur?

– Oğlunu tanıyırıdm, onda orta məktəbi təzə bitirmişdi. Bir oğlu, bir qızı vardı. Həyat yoldaşı Şura xanım isə bayaq da dedim, özü ilə birlikdə xor dərnəyində oxuyurdu. Bir dəfə Şura xanım onun şeirlərini “Azərbaycan” jurnalına gətirdi. Biz də çap elətdirdik. Bir dəfə isə onun şeirlərini yığıb kitab formasında çap etdirmək istəyirdik, amma övladları qoymadı ki, özümüz çap edəcəyik. Və çap elətdirmədilər.

– Nə vaxtdandır Böyükxan Pərviz yada düşmür, xatırlanmır, haqqında danışılmır. Həyat belədir, yoxsa dostları etibarsızdır?

– Təkcə Böyükxan Pərviz yox, çox adam belə olacaq, unudulacaq...

– İçki ilə arası necə idi?

İçirdi, amma aludəçisi deyildi. Onda baxışla, hərəkətlə, yerişlə adamları yamsılamaq vardı. Hərəyə bir ayama qoşurdu. Təbii, bu da onun maraqlı adam olmasından irəli gəlirdi.

– AYB-nin üzvü idimi?

– Hə...

Orda ona qarş münsaibət necə idi?

– Çox yaxşı.

– Evi vardımı? Maddi vəziyyəti necə idi?

– Qara Qarayevdə evi vardı. Yadıma gəlir, Əli Əhmədov “Pərvanə” məclisinin üzvləri ilə görüşmüşdü. Orda Əli müəllimə dedim ki, bizə torpaq sahəsi verin, gedək özümüzə ev tikək. Qəfildən Böyükxan ayağa qalxdı, dedi ki, yox, biz bu torpağı istəmirik, “Baksovet” metrosunun yanında doqquz mərtəbəli bina evi istəyirik. Özündən asılı olmayaraq bütün planımızı pozurdu. Bunu da qəsdən etmirdi.

Maraqlıdır, Əli müəllim nə deyirdi?

– O da dedi ki, onda gərək fikirləşək. Sonra torpaq da qaldı, ev də. Böyükxanın hakimiyyətdən çox böyük gözləntiləri vardı. İstəyirdi ona ad versinlər, ev versinlər. Amma bu, heç cür alınmırdı. Elə bilirdi hamı ona borcludur, hamı onun üçün nəsə etməlidir. Elə bilirdi şairlik, yazarlıq böyük qüvvədir. Məsələn, mən anlayıram ki, şair olmursan, kim olursan ol, hər şeyin bir həddi və axarı var. Böyükxan isə situasiyanı, dövrü dəyərləndirən və o situasiyadan çıxış edən bir adam deyildi. Məsələn, bayaq da dedim, Bakı ətrafından bizə iyirmi sot torpaq sahəsi veriləcəkdi. Amma Böyükxan bizə mane oldu. Düzü, dəqiq bilmirəm o torpaq sahəsini doğrudan da, bizə vermək istəyirdilərmi. Dəqiq bildiyim odur ki, Böyükxanın sözündən istifadə elədilər, işi yubatdılar, sonra isə heç nə alınmadı.

Təkcə şeir yazırdı? Yoxsa, hekayələri, esseləri də vardı?

Ancaq şeir yazırdı. Heç məqalə də yaza bilmirdi. Yaxşı gəraylıları var. Amma onlarda da çoxlu üslub səhvləri var. Böyükxan eyni zamanda yaxşı insan, yaxşı dost idi. Adam istəyirdi ki, onunla otursun, söhbət eləsin. On dəqiqənin içində on maraqlı fikir deyə bilirdi. Hamını maraqla oxuyurdu və bəyəndiklərini təqdir edirdi.

– Uzun müddət xəstə yatdı?

– Yox, iki ayın içərisində vəfat etdi. Mən onunla təxminən saat 9 radələrdində telefonda danışdım, sonra isə bildim saat 11-də qəfildən qan qusub, keçinib.

– Telefonda başqa nə danışdınız?

– Guya mənim elmi rəhbərim idi və mənə elmi iş vermişdi. Deyirdi ki, gedirəm, dünyamı dəyişirəm, sən elmi işini müdafiə elə. Çox zarafatcıl adam idi.

– Dediniz ki, ölümlə də zarafat edirdi. Vaqif Səmədoğlu kimi?

Vaqif Səmədoğlu mütaliəli, geniş dünyagörüşlü adam idi və onun bu zarafatı müəyyən mənada əsaslı idi. Amma Böyükxan Pərvizdə bu, nadinclik idi. Bu zarafatlar müəkəmməl deyildi və hələ yetişməmişdi. Bəlkə də 75 yaşına çatsa, Böyükxanın da zarafatları mükəmməl olardı. Onun məzardan məktubları vardı. Birnci, ikinci, üçüncü məktub...

Ay qapımı döyən adam,

açginan, çöldən bağlanıb.

İkinci məktubda deyir:

Burda cavanlar yaxşıdı,

orda qocalar neynir?

Mübahisəli adam idi, hamı ilə dolaşıq bir məsələsi mütləq vardı. Hamısı da şeirlə bağlı idi. Deyirdi ki, mən heç vaxt özümə telefon almayacam. Telefonu da yox idi. Soruşmuşdum ki, niyə? Deyirdi ki, Fərqanə, Aləmzar gündə “vızov” atacaq, di gəl onlara zəng elə. Konturun da hamısı məndən gedəcək. (gülür)

Fərqanə, Aləmzar xanımla da dost idi?

– Hə, yaxın idilər.

– Bir sözlə, sizin komandanın adamı idi...

– Yox, onu heç bir komandaya aid etmək olmazdı. Onun bir maşrut xətti vardı: Qara Qarayev, Yazıçılar Birliyi, Konservatoriya, Elmlər Akademiyası, Nəşriyyat... Yazıçılar Birliyinə gəlirdisə, mən idim, Nəşriyyata gedirdisə başqası idi. Yazıçılar Birliyində danışdığı sözü Elmlər Akademiyasında təkzib edirdi, Elmlər Akademiyasında danışdığını isə Nəşriyyatda.

– Xarakteri belə idi?

– Məncə, darıxırdı, eyni zamanda da isetadlı idi. Mənim fikrini tez-tez dəyişən adamdan xoşum gəlir. Söhbət ədəbiyyatdan gedir. Bu, məndə də var. Elə şeirlərim var ki, birində dediyim sözü digərində inkar etmişəm. Günəşli gündə başqa cür, yağışlı günlərdə bir başqa cür düşünmüşəm.

– Qəşəm müəllim, sizcə indi Böyükxan Pərviz hardadır?

– Bilmirəm. Bəlkə də heç yerdə yoxdur. Mən ümumiyyətlə insanların hardasa yaşamasına inanmıram. Mən sənə sual verim. Məsələn, doğulmamışdan qabaq sən harda idin?

Xəbərim yoxdur.

Ölüm də belədir.

İndiyə kimi bu layihəmizdə çox insan öz dostu haqqında xatirələrini danışıb. Hamısı da birmənalı şəkildə söhbəti yaxşı şeylər üzərində qurub. Amma sizdə belə olmadı...

– Ancaq müsbət şeylərdən danışmaq saxtalıqdır. Dostumun mənfilərini danışmaq isə mənim ona qoyduğum hörmətdir. Həm də mənim Böyükxan haqqında dediyim məslələrə heç mənfilik də demək olmaz. Ədəbi mühitdə hamını təpədən dırnağa tanıyıram. Böyükxan onların çoxlarından istedalı idi. Sadəcə, şeirlərini təqdim etməyi bacarmırdı. Bu məndə də var. Mən də vaxtilə şeirlərimi yaxşı təqdim edə bilməmişəm. Böyükxanın tanınmasında isə bizim “Pərvanə” ədəbi məclisinin də çox böyük rolu oldu.

– Niyə onun xatirə gecələrini keçirmirsiniz?

– Əslində, keçirilməlidir, amma keçirtmirəm. Bu, mənim günahımdır. Görünür, vaxt keçdikə hər şey yaddan çıxır, adiləşir, unudulur... Həyatın qanunu budur.