Festival deyiləndə gözlərin önündə mütləqa izdihamlı bir məkan canlanır. Bəs Bakı Beynəlxalq Kitab festivalı?
Girişdən solda izdiham adamı torpaq yağışı çəkən kimi özünə çəkir. Amma gərək bu populist küncə daxil olmaq üçün o biri tərəfləri də gəzəsən. Zalda qısaca ayaq gəzdirirəm. Nəşriyyatların hərəsi öz işində, satışındadır. Şahbaz Xuduoğlu da, Müşfiq Xan da, Yaradıcılıq fondu da, AYB də. Şahbaz məllim piştaxtanın arxasında oxucularla birgə saç ağardır. Nə isə. Seyrək də olsa, adamlar kitablarla maraqlanırlar. Amma o izdiham var ha... Hə, gedirəm ora yaxınlaşmağa. Adamları yarıb keçirəm önə. Ramiz Rövşən və Ayxan Ayvaz oturublar.
Düzdür, Ayxanı adamların içindən sezməyə çətinlik çəksəm də, görünmür demək olmaz. Ramiz müəllim ara-bir ərinmir, dodağını tərpədir şəkil çəkdirən adamlara. Hə, şairin bir də “çox sağ ol” deməyi də var imiş. Qara paltarlı qadınlar da sağ olsun, hamısı şairi ağlamağa yox, güdürməyə gəliblər. Ayxan, bəs Ayxan? Ayxanı kim güldürəcək?
Qıvrımsaç bir xanım gəlir, özü də rəngli geyinib. Bəlkə Ayxana yaxınlaşa. Yaxınlaşdı da.
- Dostum, zəhmət olmasa, bu çantayla gödəkçəni saxlayın, Ramiz müəllimlə şəkil çəkdirim.
Ayxanın üzü gülür.
Biraz keçir, bir xanım da Ramiz bəyə yaxınlaşır, amma əlində başqa kitabla. Dieta kitabı idi. Bəli, xanım deyəsən dietoloqdur, amma bu xanım dietanın gözəl "D"-sinə daha çox oxşayırdı. Kitabı şairə bağışlayır. Ramiz müəllim bu dəfə bədxərclik eləyib danışır.
- Çox sağ olun. Bu dieta kitabının xeyrini tapsam, sizi də tapacam.
Ramiz Rövşən səhnədən çıxır. Və Ayxan Ayvaz oxucuların önündə görünməyə başlayır.
Elə bil Ramiz Rövşən tornadosu özü ilə yığıb aparır oxucuları. Ayxanın məşəqqətli imza saatları başlayır. Ayxana satıcılardan biri yaxınlaşır.
- Bəy, sizdə 10 manata xırda olmaz ki?
Deyəsən, Ramizlə səhv salmışdılar onu. Ayxan bədbinliklə başını yelləyir və gülümsünür. Bir az keçir. Türkiyə Kültür Bakanlığının müşaviri İrfan Çiftçinin qoluna girib Ayxanın yanına gətirən Şahbaz Xuduoğlu bir az əvvəlki bədbinliyə bir şillə çəkmək istəyir.
- Sizi mutlaka okuyub sizinle görüşeceğim.
Bir foto, bir imza. Özü də Ayxan imzanı bir az ləngidir, ara-bir görünən bu xoş hadisədən zövq alırmış kimi. Elə həzz ilə imzalayır ki, elə bil əsgərlikdən bu gün gələn və şəhərdə qız görən cavan oğlandır.
Ayxanı arada güldürürük ki, Füzuli baxıb öz qəmindən utansın. Bacısı Gülbəs Ayxandan ac olub-olmadığını soruşur. "Hə" cavabını alıb düşür bufetə, qayıdanda arasında kolbasa olan beş kökəylə qayıdır. Elə düz kitabların düzüldüyü masadaca, oxucuların önündəcə öz "Buri" (gürcü dilində çörək) adlı kitabının çörəyini yeyir.
Uzaqdan Şəhriyar Del Gerani (Allah onun bığından razı qalsın), Mirmehdi Ağaoğlu və Mübariz Örən (Allah hər ikisinin yastı yerişindən muğayət olsun), Şərif Ağ (Allah onun da boyunu xoşbəxtliyə daha da əl çatan eləsin), deyə-gülə gəlirlər. Ayxanla öpüşüb-görüşən yazarlar motivasiya olsun deyə, onunla şəkil də çəkdirirlər. Mübariz Örən bonus motivasiya kimi Ayxandan kitabsız bir imza alır. Düz ovcunun içinə! Ramiz Rövşən olsaydı, görəsən neylərdi? Yəqin deyərdi ki, "əyilib ovcuna qəpik qoymuram, əyilib ovcundan öpürəm, adam".
Zalda gözəgörünməz bir adamın səsi əks səda verir. "Qanun nəşriyyatı", "Xan nəşriyyatı", "Halal P MMC"... Bəs, Halal P? Mən birinci dəfədir ki, "Halal" adlı nəşriyyat adı eşidirəm. Yəqin, kitabları da halal-haram kateqoriyasına bölmürlər. Təsəvvür eləyirəm, Elxan Elatlının kitabları haram kitablar siyahısındadır, Bukovskinin kitablarıyla bir yerdə eyş-işrət ömrü sürürlər. Görəsən, Çingiz Abdullayev hansı siyahıda yer alar? Məncə, dinimizdə cənnətlə cəhənnəmin arasında da bir yer var. Bəzi rəvayətlərə görə, Əraf adlı xüsusi bir yer var ki, nə cənnətə, nə də cəhənnəmə layiq olmayan adamlar ora aparılacaqlar. Məsələn, yetkinlik yaşına çatmayan, günahı və savabı hesaba alınmayan uşaqlar, əqli cəhətdən nöqsanlı insanlar, savabı ilə günahı tam bərabər gələn adamlar və s. Ərafda nə cəhənnəm əzabı, nə də cənnət ləzzəti var. Əraf bunların arasında fərqli bir şəraitə malik məkandır. Yuxarıda adları çəkilən təbəqələr Ərafda adi qaydada ömürlərini sürəcəklər. İndi yəqin, öz yazdıqlarının ciddi əsər olduğunu zənn edənlərin də o yerdə payları olar. Halal nəşriyyatına məni ta Ərafa qədər apardığı üçün halal olsun. Qayıdıram hadisə yerinə.
Dilxor-dilxor ətrafı seyr eləyirik. Kostyumda, qalstuku sonacan sıxılmış, dolu, tərəzi yerişli bir kişi yaxınlaşır. Ayxan sevincək ayağa qalxır. Sinəsinin şaxtasından enib qalxan nəfəsi hiss edirəm içimdə. Zalımın səmimiliyin nirvanasına çatmağı başına bəladır da. Elə Ayxan əlini uzatmaq istəyirdi ki, bizim bu dürüst müəllim soruşdu:
- Sizdə torba olmaz?
İndi bizdə canmı qalar, ağzımız torba misalı açıldı, gülümsədik, amma biruzə vermədik.
Ayxan:
- Torba nəyə deyirsiniz? Burda belə sellofanlar var, işinizə yarayırmı? Baxın, bu bir az balacadır, bu bir az böyük.
- Hə, bax, bu böyük olanın əsl adı torbadır. Çoxları bilmir ha, amma mən bilirəm, sən də bil. Çox sağ ol bu torbaya görə.
Ayxan da bizə qoşulur, başlayırıq gülüşməyə. Elə bil doğurdan da torbamızı tikmişdilər. Bir az keçir, Ayxanın üzündən bekar bir yorğunluq yağır. Yorğunluğu saqqalının səliqəsizliyi ilə bir az da şiddətli görünsə də, əynindəki rəngarənglik bu neqativliyi ört-basdır edir. Bu yorğunluğun acısı oxucu gəlişiylə çıxmazmı? Çıxar! İki qara paltarlı xanım yaxınlaşır. Biri dodağının altında "aaa, elə bilirdim xarici dildədir bu kitab, bizim dildəymiş". O birisi xanım kitabı Ayxana uzadıb imzaladır. Bu dəfə yaxşı qurtardım, şəkil çəkdirmədilər. Elə bu qızların ardınca bir oğlan yaxınlaşır. Üzündəki təlaşı bu dəqiqə partlayacaq fanta butulkasını xatırladır. Bilmirəm, Ayxanın bəxti alnına yazılıb, yoxsa əlinə, amma çox küləkli taledir.
- Dostum, burada ayaqyolu haradadır?
- Burdan sağa çıxın, düz gedin, sola dönün.
Bayaqdan telefonumdakı qovluqda Ayxanın şəkilləri mənim şəkillərimi küncə sıxıb hədə-qorxu gəlir. İçimdə o saqqalı ağ, nurani qocanın səsini eşitdim.
- Sən yaxşı fotoqraf olardın, kül təpənə, gəlib oturmusan burda ki, kimsə nəsə səhv eləyəcək, sən də yazıb məzə tutacaqsan.
Məni qocadan gülə-gülə Gülbəs ayırdı.
- Emin, bax, Ayxan gör neyləyir, çək şəklini, yazıya salarsan.
Baxıb nə görsəm yaxşıdır? Ayxan, əlində telefon bir topa adamın önündə durub. Yox, oxucularıyla selfi-zad eləmir. Ayxan kitab işinin başını buraxıb keçib fotoqraflığa. Deyəsən, içimdəki qoca da xaindir, bir yandan mənə, bir yandan da Ayxana. Kimdirsə, ona öz şəkillərini çəkdirir. Bu, bilirsiniz nəyə bənzəyir? Dostungilə qonaq gedirsən, bunlar da başlayır süfrə açmağa, manqal qalamağa. Və birdən çaşıb deyirsən ki, qağa, nə kömək lazımdırsa, deyin, əl tutum.
Həmin qağa da sənə odun qırmaqdan tutmuş stul daşımağa qədər Əli yoluna da göndərir, Vəli yoluna da. Şair demiş, çox miskin mənzərədir...
Ayxan öz yerinə qayıdır.
Soruşuram:
- Ayxan, nə qədər kitab satmısan?
- Vallah, təxmini 10 kitab olar.
- Səncə, necə göstəricidir?
- Nə bilim, məncə, yaxşıdır, normaldı. Mənim kitabımı oxucularım təqdimat günü əldə eləyib, yəqin ona görə də indi azdır gələn.
- Axı bayaq bir adam Ramiz Rövşənin bir kitabından 5 dənəsini imzalatdırdı.
- Hə, Ramiz Rövşən faktoru da var. Bütün qaranlığını bizə saxlayıb, qara paltarlı qadınları da götürüb getdi. Neyləmək olar...