BAKI, 31 oktyabr. TELEQRAF

İranın cavab zərbələri nəticəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına azı 5 milyard dollar ziyan dəyib. Vaşinqton zədələnmiş infrastrukturun bir hissəsini ümumiyyətlə bərpa etməyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə və peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb.

Nəşrin araşdırmasına əsasən, münaqişənin ilk altı ayı ərzində İranın hücumları nəticəsində ABŞ-ın regiondakı 24 hərbi obyektində ən azı 274 tikili zədələnib.

Oktyabrın 16-na olan məlumata görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara xərclədiyi vəsait 47,1 milyard dollara çatıb. Bu məbləğə hərbi bazalara dəymiş ziyan daxil deyil.

Pentaqon həmin ziyanı minimum 5 milyard dollar qiymətləndirsə də, WSJ faktiki itkilərin 15 milyard dollara çata biləcəyini yazır.

Məlumata görə, Vaşinqton bəzi təmir və bərpa işlərinin maliyyələşdirilməsinə müttəfiq ölkələrin cəlb olunması imkanlarını müzakirə edir. Bununla belə, zədələnmiş obyektlərin bir hissəsinin bərpasından imtina oluna bilər.

Qəzet qeyd edir ki, ABŞ rəsmilərini xüsusilə İran zərbələrinin yüksək dəqiqliyi narahat edir. Tehran qüvvələrinin Amerika bazalarındakı kiçik tikililəri belə hədəfə ala bilməsi diqqət çəkir.

WSJ-nin məlumatına görə, Pentaqon İranın hücumları nəticəsində yaranmış dağıntılar barədə ictimaiyyətə məhdud informasiya təqdim edib.

Oktyabr ayında ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin beş üzvü Müdafiə Nazirliyindən dəymiş ziyanın məbləğini açıqlamağı tələb edib.

Demokrat senator Kris Merfi bildirib ki, ona bu ay Qətərdə yerləşən Əl-Udeyd aviabazasına səfər etməyə icazə verilməyib. Qəzetin araşdırmasına əsasən, həmin bazada azı 12 bina zədələnib.

Merfi administrasiyanı müharibənin real maliyyə yükünü gizlətmək məqsədilə dağıntılar barədə məlumatları ictimaiyyətdən yayındırmaqda ittiham edib.

Bu arada, “MS NOW” telekanalı mənbələrinə istinadən ABŞ-ın noyabrın 4-dən etibarən İrana qarşı yeni hərbi zərbələrə başlaya biləcəyini bildirib.

Məlumata görə, Vaşinqton Fars körfəzinin bir sıra ölkələrini qısamüddətli, lakin intensiv hərbi əməliyyatlara hazır olmağa çağırıb.