BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiyada həbs edilmiş amerikalı Stiven Habbardın azadlığa buraxılmasına görə Moskvanın addımını yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə oktyabrın 30-da Ağ Evdə Habbardla görüşü zamanı jurnalistlərə açıqlamasında bildirib.
ABŞ liderinin sözlərinə görə, amerikalının azad edilməsi məsələsini Rusiya Prezidenti Vladimir Putinlə şəxsən müzakirə edib.
“Mən onun geri qayıtmasını istəyirdim. Prezident Putinlə danışdım və onlar Habbardın qayıtmasına icazə verəcəklərini bildirdilər. Ona kömək etmək mənim üçün şərəf idi. Bu, gözlənilmədən baş verdi. Sadəcə dedim ki, mənə bir yaxşılıq edin, Stiven Habbardın geri qayıtmasına icazə verin. Onlar bu məsələdə çox yaxşı davrandılar”, – Tramp deyib.
ABŞ Prezidenti Rusiyada həbsdə olan digər amerikalıların azad edilməsi istiqamətində də iş aparıldığını açıqlayıb.
“Onların sayı təxminən səkkiz nəfər ola bilər. Müxtəlif rəqəmlər eşidirəm, amma düşünürəm ki, səkkiz nəfərdir. Onların azad edilməsi üzərində işləyirik”, – o vurğulayıb.
Qeyd edək ki, Stiven Habbard Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə Rusiyada məhkum olunub. Moskva Şəhər Məhkəməsi 2024-cü il oktyabrın 7-də onu 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Amerikalının azadlığa buraxılması barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Sankt-Peterburqa səfəri zamanı məlumat verilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Habbardın azad olunması barədə qərarı xoşməramlı addım kimi qəbul etdiyini bildirib.