BAKI, 31 oktyabr. TELEQRAF
Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranan siyasi böhran diplomatik korpusa da təsir edib. Ölkənin Çin və Rumıniyadakı səfirləri vəzifələrindən istefa verdiklərini açıqlayıblar.
Teleqraf xəbər verir ki, Polşanın Çindəki səfiri Yakub Kumox və Rumıniyadakı səfiri Pavel Solox bu barədə X sosial şəbəkəsində məlumat yayıblar.
Diplomatlar qərarlarını Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqələndiriblər.
Xatırladaq ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədr vəzifəsini icra edən Boqdan Sventçkovskinin səlahiyyətlərinin dayandırılması və toxunulmazlığının ləğv edilməsi barədə vəsatət təqdim edib.
Bundan sonra məhkəmə binasının mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Əraziyə toplaşan etirazçılar hüquq-mühafizə orqanlarının qurduğu maneələri aşaraq binaya daxil olmağa çalışıblar.
Vəziyyətin gərginləşməsi fonunda Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq təcili Varşavaya qayıdıb.