BAKI, 28 oktyabr. TELEQRAF
Türkiyə, Bolqarıstan və Rumıniya müdafiə nazirləri Qara dənizdə ticarət gəmilərinə edilən hücumları pisləyən birgə bəyanat yayıblar.
Teleqraf xəbər verir ki, bəyanatda Qara dənizdə naviqasiya azadlığının və dəniz təhlükəsizliyinin həyati əhəmiyyəti vurğulanıb və bütün tərəfləri beynəlxalq hüquqa, xüsusən də Boğazlar haqqında Montrö Konvensiyasına riayət etməyə çağırılıb.
Bəyanatda Ukraynaya qarşı müharibə kontekstində Qara dənizdə ticarət gəmilərinə edilən bütün hücumlar qətiyyətlə pislənilir və bu faciəli hadisələrin "təhlükəli eskalasiyanı" təmsil etdiyi vurğulanır.
"Biz - Bolqarıstan, Rumıniya və Türkiyənin müdafiə nazirləri olaraq, Qara dənizdə ticarət gəmilərinə edilən bütün hücumları qətiyyətlə pisləyirik. Ukraynaya qarşı müharibə kontekstində baş verən bu faciəli hadisələr təhlükəli eskalasiyadır. Regional səylərə uyğun olaraq və Qara dənizin əhəmiyyətini qəbul edərək, onun təhlükəsizliyini, sabitliyini və naviqasiya azadlığını gücləndirməyə sadiq qalırıq", - bəyanatda vurğulanır.
Sənəddə qeyd olunur ki, NATO-nun bacarıqlı və səriştəli müttəfiqləri olaraq, Bolqarıstan, Rumıniya və Türkiyə regionun təhlükəsizlik ehtiyaclarına öz imkanları ilə cavab verir: "Regional məsuliyyətlərimizi yerinə yetirməkdə NATO-nun dəstəyini yüksək qiymətləndiririk. Zəruri hallarda NATO ilə əlaqələndirilmiş şəkildə müvafiq tədbirlər görülür. Qara dənizdə təhlükəsizlik və sabitliyi dəstəkləmək üçün Silahlı Qüvvələrimiz arasında əməkdaşlığı və koordinasiyanı gücləndirməyə davam edəcəyik".