BAKI, 28 oktyabr. TELEQRAF
Amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunun “Starlink” peyk rabitə sistemindən istifadəsinə tətbiq edilən məhdudiyyətlərin səbəblərindən daha birini açıqlayıb.
Teleqraf xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, əsas narahatlıqlardan biri Rusiyanın “Starlink” peyklərini hədəfə ala bilməsi ehtimalıdır.
“Bu, "Starlink"in mülki sistem olaraq qalmasının əsas səbəblərindən biridir. Ondan hərbi infrastrukturu təmin etmək üçün istifadə oluna bilər. Lakin sistemin açıq şəkildə hücum əməliyyatlarında tətbiqi onu cavab zərbələri üçün qanuni hədəfə çevirə bilər”, – deyə Mask bildirib.
“SpaceX” rəhbəri xəbərdarlıq edib ki, peyklərin məhv edilməsi təkcə şirkət üçün deyil, bütün kosmik infrastruktur üçün ciddi təhlükə yarada bilər.
“Əgər qarşı tərəf ‘Starlink’ peyklərini məhv etməyə başlasa, bu, dağıdıcı domino effekti yaradacaq. Nəticədə kosmosda nəhəng qalıq buludu əmələ gələcək və kosmik məkandan istifadə mümkünsüz hala düşəcək”, – deyə milyarder vurğulayıb.
Daha öncə İlon Mask Ukraynanın "Starlink" peyk sisteminin istifadə şərtlərini pozduğunu və bunun nəticəsində peykin fəaliyyətini məhdudlaşdırdığını bildirib.
“Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozub və ondan insanları öldürmək məqsədi daşıyan hücum dron hücumları üçün istifadə edib. Bu boşluq ötən həftə aradan qaldırılıb. "Starlink" Ukraynanın müdafiəsi üçün çox vacibdir. Əgər "Starlink" sıradan çıxarılarsa, Ukraynanın cəbhə xətti dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə bir faktdır".
Xatırladaq ki, oktyabrın ortalarında Ukrayna Silahlı Qüvvələri “Starlink” və onun hərbi təyinatlı “Starshield” sistemlərinin fəaliyyətində məhdudiyyətlərlə üzləşib. Bu, xüsusilə pilotsuz uçuş aparatlarının rabitəsinə təsir göstərib.
Mask daha əvvəl Ukrayna ordusunu mülki “Starlink” sistemindən hücum məqsədilə istifadə etməkdə ittiham etsə də, Ukrayna tərəfi bu iddiaları rədd edib.
Sonradan Ukrayna rəsmiləri rabitə xidmətinin əvvəlki sürətinin bərpa olunduğunu açıqlayıblar.