BAKI, 28 oktyabr. TELEQRAF
Böyük Britaniyanın paytaxtı Londonda hökumətin hərbi xərcləri artırmaq və sosial proqramlara ayrılan vəsaiti azaltmaq planlarına qarşı kütləvi etiraz yürüşü keçirilib.
Teleqraf xəbər verir ki, paytaxtın mərkəzində təşkil olunan aksiyada təxminən 2 min nəfər iştirak edib.
Viktoriya sahilindən başlayan yürüş Baş nazirin Dauninq-strit 10 ünvanındakı iqamətgahı qarşısında başa çatıb.
Etirazçılar hərbi xərclərin artırılması naminə sosial proqramların maliyyələşdirilməsinin azaldılmasına qarşı çıxıblar. Onlar “Sosial təminatı deyil, hərbi xərcləri azaldın” və “Tibb bacılarına nüvə başlıqlarından daha çox ehtiyac var” şüarları səsləndiriblər.
Aksiya iştirakçıları, həmçinin sosial proqramların, o cümlədən əlçatan mənzillərin və yeni məktəblərin tikintisinin maliyyələşdirilməsi üçün varlı təbəqədən alınan vergilərin artırılmasını tələb ediblər.
Yürüş “Unison” həmkarlar ittifaqının təşəbbüsü ilə “Müharibəni dayandırın” (Stop the War) təşkilatı, Böyük Britaniya Sosialist Fəhlə Partiyası və Nüvə Silahsızlanması Kampaniyasının dəstəyi ilə keçirilib.
Aksiyaya həmkarlar ittifaqlarının nümayəndələri, müharibə əleyhdarları, eləcə də London İmperial Kolleci və London Universitet Kollecinin tələbə və müəllimləri qatılıblar.
Təşkilatçılar bildiriblər ki, yürüşün keçirilməsinə Fransadakı etiraz aksiyaları ilham verib.
Etiraz aksiyası Böyük Britaniyada oktyabrın 28-nə planlaşdırılan büdcə təqdimatı ərəfəsində baş tutub. Britaniya mediasının məlumatına görə, hökumət hərbi xərcləri bir neçə milyard funt sterlinq artırmağı, eyni zamanda sosial təminat sahəsində, o cümlədən əlillik müavinətlərinin verilməsi şərtlərində sərtləşdirmələr aparmağı planlaşdırır.